Bu birliyin yaranmasında Azərbaycanın xüsusi rolu var  - Aydın Mirzəzadə

18:59 24.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın Türkiyə və Mərkəzi Asiyaya yönələn dostluq əli qarşı tərəfdən razılıqla qarşılanır və bu birlik ümumilikdə Türk Dünyasına böyük uğur gətirəcəkdir”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə bu gün Mərkəzi Asiya ölkələri, Türk Dövlətləri Təşkilatı, SPECA formatlarında Azərbaycanın özünü ifadəsi, birgə layihələrin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 A.Mirzəzadə qeyd edib ki, bu gün dünyada Türk Birliyi prosesi gedir və bu proses həmin dünyaya daxil olan 6 türk dövlətinin hər birinin istəyi ilə həyata keçirilir.

“Eyni kökdən, tarixdən, mədəniyyətdən, düşüncə tərzindən irəli gələn dəyərlər Türk Dövlətlərini daha da yaxınlaşmağa sövq edir. Bu zaman həmin dövlətlərin dövlət müstəqilliyi, müstəqil daxili, xarici siyasət yeritmək hüququ özündə saxlanılır. Deyərdim ki, bu gün Türk Dünyası Birliyi modeli dünyanın digər regionları üçün bir nümunə rolunu oynayır. Etnik, dini, region prinsipləri əsasında dünyanın müxtəlif bölgələrində birliklər vardır. İçərisində uğurlar qazanan, hələ də inteqrasiya prosesi gedən təşkilatlar göz qarşısındadır. Türk Dünyası Birliyi isə bu gün türk xalqlarının maraqlarına cavab verir”.

A.Mirzəzadə eyni zamanda qeyd edib ki, burada siyasi birliklərlə yanaşı, bütün mümkün sahələr üzrə əməkdaşlıqlar nəzərdən keçirilir. Onun sözlərinə görə, bunların içərisində iqtisadi əməkdaşlıq əsaslı rol oynayır.

“Azərbaycan və Türkiyənin iqtisadi inteqrasiyası öz müsbət nəticəsini verməkdədir. Azərbaycan və Türkiyə 20 milyard dollara qədər investisiya qoyub. Azərbaycan kapitalı ilə yaranmış Petkim şirkəti Türkiyə büdcəsinə əhəmiyyətli dərəcədə vergi verən şirkətlərdən birinə çevrilib. Türkiyədə və Azərbaycanda çox sayda iş yerlərinin yaranmasına səbəb olub”.

A.Mirzəzadə bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında gedən iqtisadi inteqrasiyaya nəzər salaraq, bu prosesin də öz nəticəsini verdiyini deyib.

“Özbəkistan və Qırğızısatanla investisiya fondları yaradılıb. Birgə layihələrin həyata keçirlməsi üçün hazırlıq işləri görülür. Vaxtaşı türk liderlərinin görüşü iqtisadi inteqrasiyanı daha da gücləndirir. Bu, eyni zamanda siyasi birliyə, ümumi maraqların olmasına gətirib çıxarır”.

Deputat hesab edir ki, məsafə uzaqlığı Türk Dövlətlərinin birliyinə qətiyyən maneə olmur. Onun sözlərinə görə, vaxtaşırı  bu və ya digər türk dövlətlərində keçirilən tədbirlər iştirakçı ölkələri və xalqları bir-birinə daha da yaxınlaşdırır. “Bu birliyin yaranmasında Azərbaycanın xüsusi rolu var”.